Boşqabdan karta: Restoran biznesində dövriyyə niyə artır? | TƏHLİL

      Boşqabdan karta:    Restoran biznesində dövriyyə niyə artır?    | TƏHLİL
  15 Noyabr 2023    Oxunub:2360
Ölkəmizdə içtimai iaşə sektoru, restoran biznesi əvvəllər də çox gəlir gətirən, dövriyyəsi yüksək və sürətli sahə olub. Əhalinin bir hissəsinin gəliri məhz buradan əldə olunur. Eyni zamanda, dövlət büdcəsindən yayınma da ən geniş şəkildə bu sahədədir.
İqtisadiyyat genişləndikcə, əhalinin gəlirləri artdıqca sözügedən sfera da inkişaf edir və buradan əldə olunan mənfəət yüksəlir. Hökumət turizmi inkişaf etdirdikcə içtimai iaşə sektoru, xüsusən də restoran, kafe biznesi ilə məşğul olanların sayı artıb və artmaqda davam edir. Düzdür, bir ara pandemiya bu sahəyə ciddi ziyan vurdu. Lakin son üç ildə hər şey inkişafdadır. Turizm bərpa olunub, ölkəmizə gələn turistlərin sayı əvvəlki səviyyəyə qayıdır. İçtimai iaşə sektoru da ötən üç il ərzində xeyli genişlənib. Hətta 2019-cu ildəkindən yüksək səviyyəyə qalxıb.

Rəsmi statistikaya əsasən, bu ilin yanvar-sentyabr aylarında ölkədə ictimai iaşə dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,2% artaraq, 1 milyard 484,3 milyon manat təşkil edib ki, bunun da 13 milyon 539,5 min manatı dövlətin, 1 milyard 470,7 milyon manatı özəl sektorun, ondan da 728 milyon 491,8 min manatı fiziki şəxslərin payına düşüb. Yeri gəlmişkən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5%-ni hüquqi şəxslər, 49,5%-ni isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər formalaşdırıb.

Rəsmi statistikaya diqqət yetirin: 2023-cü ilin sentyabr ayında əhali kafe və restoranlara 169 milyon 597 min manat vəsait xərcləyib ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 33,9 milyon manat çox olub. Söhbət inflyasiya və bahalaşmanın hələ tam səngimədiyi dövrdən gedir. 2021-ci ildən bərpa prosesilə yanaşı, həm ölkədə, həm də kənarda ciddi inflyasiya və bahalaşma müşahidə edilir. Xüsusən də, ərzaq məhsulları üzrə. Bu il tendensiya nisbətən səngisə də, ərzaq inflyasiyası yenə ikirəqəmli səviyyədədir. Sual yaranır: İctimai iaşə sektorunda dövriyyənin artması, restoran və kafelərin xidmətlərindən istifadəyə yüksək həcmdə vəsait xərclənməsi nəylə əlaqədardır?

Birincisi, bəli, əhalinin gəlirləri artıb. Son beş ildə ölkədə dörd sosial paket həyata keçirilib. Və 2019-cu ildən başlayaraq ötən illər ərzində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya isə 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bütün bunlara müvafiq olaraq, ölkədə orta aylıq maaş, pensiya məbləğləri yüksəlib. Əlbəttə, restoran və kafe xidmətindən istifadə edənlərin heç də hamısı əhalinin sözügedən hissəsindən ibarət deyil. Və hər şey buna bağlanmır. Gəlirləri rəsmi uçota alına bilinməyən adamlar, xarici turistlər də var.
İkincisi isə, burada başqa nüanslar da mövcuddur. Məsələn, qeyri-nəğd ödənişlərin genişlənməsi... 2020-ci ildə pandemiyanın yeganə xeyri bu oldu ki, əhali qeyri-nəğd ödənişlərə, pos-terminal və yaxud kartdan karta köçürmə üsullarını öyrəndi. Son üç ildə restoran və kafe xidmət xidmətindən istifadə edənlərin də çoxu ödənişlərini məhz bu yollarla həyata keçirməyə başlayıblar. Bu da sözügedən şəbəkə üzrə bütün gəlirlərin rəsmi uçota düşməsinə kömək edir.

Ölkədə son dövrdə içtimai iaşədə dövriyyənin artması, restoran və kafelərin xidmətlərindən istifadəyə yüksək həcmdə vəsait xərclənməsi həm də bununla əlaqədardır. Pandemiyaya qədər əhali restoran və kafe xidmətlərindən istifadə zamanı indiki qədər qeyri-nəğd ödənişlərə üstünlük vermirdi. Odur ki, bunu daha da genişləndirmək lazımdır.

İctimai iaşə sektorunda dövriyyənin artmasına və ümumiyyətlə, ölkədə restoran və kafe biznesinin genişlənməsinə sevinmək lazımdır. Bu, iqtisadi artımın və gəlirlərin çoxalmasının göstəricisidir. Eyni zamanda, bu sahədə gəlirlərin formalaşması amillərindən başlamış, həcminədək nəzarəti də gücləndirmək tələb olunur. Sözügedən biznesdə qiymətləri formalaşdıran amillərin nəzərdən keçirilməsi də yaxşı olar. Ancaq bu, ölkədə restoran və kafe biznesi sahəsində sahibkarlıq fəaliyyətinə əsla zərər verməməlidir.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Restoran   İaşə  





Xəbər lenti